Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub
Bakı, 22 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində 2026-2027-ci illər mövsümündə voleybol üzrə Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, görüşdə AVF-nin İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov, kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, aşağı yaş qrupları üzrə təlim işləri koordinatoru Nərgiz İsmayılova, Super Liqada iştirak edəcək komandaların nümayəndələri və federasiyanın əməkdaşları iştirak ediblər.
Tədbirdə bildirilib ki, ötən mövsümlər Yüksək Liqa adı ilə keçirilmiş yarış yeni mövsümdən etibarən Superliqa adlanacaq. Həmçinin liqanın 2026-2027-ci illər mövsümü üzrə əsasnaməsi klub nümayəndələrinə təqdim olunub.
Ş.Kərimov bildirib ki, ötən mövsüm olduğu kimi, bu dəfə də Super Liqada 9 qadın (“Turan”, “DH Volley”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “Azərmaş Abşeron”, “Murov Az Terminal”, “Azərreyl” və “Naxçıvan”), 6 kişi komandası (“Xilasedici”, “Ordu”, “Neftçi”, “Murov Az Terminal”, “Azərreyl” və “Gənclər”) mübarizə aparacaq. Qeyd edib ki, yeni mövsümdə qadınların yarışında iki yenilik olacaq. Ötən mövsüm “Abşeron” adı ilə çıxış etmiş komanda bu dəfə “Azərmaş Abşeron” adı ilə mübarizə aparacaq. “Naxçıvan” klubu isə tarixində ilk dəfə Super Liqada iştirak edəcək.
Tədbirdə bildirilib ki, Superliqanın 2026-cı ilin oktyabr ayında start götürməsi və 2027-ci ilin aprelində başa çatması nəzərdə tutulur. Yarışın liqa və pley-off mərhələlərindən ibarət olacağı diqqətə çatdırılıb. Qadınların yarışında liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-offa yüksələcək. Kişilərin yarışında isə oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda 1-4 pillələrdə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.
Tədbirdə yarışın keçirilmə qaydaları, yeni tələblər, qeydiyyat və digər təşkilati məsələlərlə bağlı müzakirələr aparılıb.