Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Əfqanıstanlı velosipedçi Fəribə Haşimi çərşənbə axşamı Asiya Oyunlarında qadınlar arasında şose velosiped yarışında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 23 yaşlı idmançı məşq edə bilmək üçün illər ərzində kişi qiyafəsinə girib.
“Nu.nl” portalı yazır ki, Haşimi gümüş medalını 2021-ci ildə “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra ciddi təzyiqlərlə üzləşən əfqanıstanlı qadınlara həsr edib.
“Bu medal əfqanıstanlı qadınların nə qədər dözümlü olduğunu göstərir. Mən daha yaxşı həyat arzulayan qadınların hücumlara məruz qaldığı bir ölkədə doğulmuşam. Buna qarşı mübarizə apardığım üçün çox xoşbəxtəm”, – deyə Fəribə Haşimi bildirib.
“Taliban” 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra qadınlar təqiblərə məruz qalırlar. Məsələn, onlara artıq idmanla məşğul olmağa, işləməyə və ya səyahət etməyə icazə verilmir. Fəribə Haşimiyə də öz idman növü ilə məşğul olmaq qadağan edilmişdi. İlk məşqlərindən biri zamanı ona daşqalaq ediblər.
“Mənə butulkalar atırdılar. Bizi zorla evə aparmağa çalışır, aqressiv davranır və bizə hücum edirdilər”, – deyə velosipedçi bildirib. Bundan sonra o, bacısı Yulduzla birlikdə məşqlər zamanı kişi qiyafəsinə girib.
Fəribə Haşimi “Taliban”ın hakimiyyəti ələ keçirməsindən bir il sonra Əfqanıstandan İtaliyaya qaçıb. Velosipedçi və bacısına keçmiş italiyalı dünya çempionu Alessandra Kappellotto kömək edib. O, “Bərabərliyə gedən yol” fondu vasitəsilə münaqişə bölgələrində yaşayan qadın idmançılara idmandakı arzularını həyata keçirməkdə yardım göstərir.
Fəribə Haşimi və bacısı daha əvvəl Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak ediblər. Onlar iki ildən sonra Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında da iştirak etməyə ümid edirlər: “Mən təslim olmaq istəmirəm və ümid edirəm ki, yenidən Olimpiya Oyunlarına qatıla biləcəyik”.