Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
Buxarest, 22 sentyabr, AZƏRTAC
Rumıniya neftə olan tələbatının böyük hissəsini xarici tədarük hesabına ödəməsinə baxmayaraq, Avropa İttifaqında neft idxalından ən az asılı olan ölkələr arasında ikinci yerdə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Mediafax” xəbər agentliyinin Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına istinadla yaydığı xəbərə görə, 2024-cü ildə ölkənin neft idxalından asılılıq səviyyəsi 77 faiz təşkil edib. Bu göstəriciyə görə Rumıniya yalnız Danimarkadan geri qalır.
“Eurostat”ın məlumatlarına əsasən, Danimarkada neft idxalından asılılıq 58,1 faiz, Macarıstanda 83,5 faiz, İtaliyada 89,8 faiz, Almaniyada 96,9 faiz, Fransada isə 99,8 faiz olub.
Rumıniyanın digər Avropa ölkələri ilə müqayisədə nisbətən aşağı idxal asılılığına malik olması ölkənin öz neft hasilatının mövcudluğu ilə əlaqədardır. Bununla belə, daxili istehsal ölkənin tələbatını tam ödəməyə kifayət etmir.
Rumıniyanın Milli Statistika İnstitutunun məlumatlarına görə, 2025-ci ildə ölkə təxminən 8,9 milyon ton neft idxal edib. Həmin il neft istehlakı 11,4 milyon ton səviyyəsində olub. Rumıniyanın əsas xarici neft tədarükçüsü Qazaxıstandır.
Bu ilin ilk dörd ayında idxal olunan xam neft Rumıniyanın ümumi neft ehtiyatlarının 72,8 faizini təşkil edib.
Ekspertlərin fikrincə, Rumıniyanın Avropanın bir çox ölkəsi ilə müqayisədə neft idxalından daha az asılı olması onu beynəlxalq bazarlarda qiymət artımının təsirlərindən tam qorumur. Xüsusilə tədarük marşrutlarında mümkün fasilələr və əsas təchizatçılardan asılılıq ölkənin enerji təhlükəsizliyi üçün risklər yaradır.
“Mediafax” qeyd edir ki, Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda “Brent” markalı neftin qiymətinin bir barel üçün 100 dolları keçməsi Avropanın idxal neftindən asılılığını yenidən gündəmə gətirib. Neftin bahalaşması benzin və dizel yanacağının, hava nəqliyyatının, eləcə də yükdaşımaların qiymətlərinə təsir göstərir.
Avropa İttifaqında istehlak edilən neftin təxminən üçdəikisi nəqliyyat sektorunun payına düşür. Bu səbəbdən beynəlxalq neft bazarında uzunmüddətli qiymət artımı təkcə enerji sektoruna deyil, bütövlükdə Avropa iqtisadiyyatına və istehlak qiymətlərinə təsir edə bilər.