Qarabağ və Şərqi Zəngəzurda arxeoloji ekspedisiyaların miqyası artırılır
Bakı, 22 sentyabr, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutu işğaldan azad olunmuş ərazilərdə tədqiqat işlərinə ilk gündən başlayıb. 2021-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda müxtəlif istiqamətlər üzrə tədqiqatlar aparılır. Xüsusilə 2022-ci, 2023-cü, 2024-2025-ci illərdə ekspedisiyaların sayı və tədqiqatların miqyası genişləndirilib. Bu il də ekspedisiyaların sayının artırılması nəzərdə tutulur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib. Onun sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzurun ən qədim dövrləri ilə yanaşı, Qafqaz Albaniyasının maddi-mədəni irsi də xüsusi tədqiqat obyekti kimi seçilib. Qarabağ ərazisində Qafqaz Albaniyasının maddi-mədəni irsinə aid kilsə, məbəd və komplekslərdə araşdırmalar aparılması nəzərdə tutulur.
İnstitut direktoru vurğulayıb ki, bu istiqamət mühüm elmi tədqiqat mövzusudur. Onun sözlərinə görə, hazırda Qafqaz Albaniyası ilə bağlı araşdırmalar aparan tədqiqatçıların və kadrların sayı kifayət qədər deyil.
F.Quliyev bildirib ki, aparılan ilkin tədqiqatlar və əldə olunan nəticələr Qafqaz Albaniyasının maddi-mədəni irsinin yerli köklərinin araşdırılması baxımından mühüm materiallar ortaya qoyur. Onun sözlərinə görə, Azərbaycan xalqının mədəniyyətində Qafqaz Albaniyasının mədəni ənənələrinin izlərinin və bağlılıqlarının öyrənilməsi istiqamətində də materiallar əldə edilir.
Alim qeyd edib ki, mövzu müxtəlif elm sahələrinin birgə iştirakı ilə ciddi və kompleks şəkildə araşdırılmalıdır. O vurğulayıb ki, əldə olunan elmi nəticələrin beynəlxalq elmi ictimaiyyətə çatdırılması üçün peşəkar mütəxəssislərin iştirakı və elmi əsaslandırılmış nəticələrin ortaya qoyulması vacibdir.