Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH
Bakı, 22 sentyabr, AZƏRTAC
Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanda iqtisadiyyatın əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi də bu sahəyə xüsusi dövlət diqqətinin olduğunu göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bir tərəfdən sənayeləşmə prioritetdir, digər tərəfdən iqtisadiyyatın şaxələndirilməsi və bu sektorlara daha çox diqqətin ayrılması əsas hədəflərdəndir.
“Belə bir müşavirənin keçirilməsi birmənalı şəkildə həmin sektora dövlət dəstəyinin artırılmasına və təşviq alətlərindən daha çox istifadə olunmasına, eyni zamanda, həmin sektorun inkişafı əsasında sənayenin daha da dəstəklənməsinə imkan verəcək. Bu, birmənalı şəkildə sənayeləşmənin dövlətin iqtisadi siyasətində əsas istiqamətlərdən biri olması anlamına gəlir. Nəticə etibarilə, biz dövlətimizin başçısının iştirakı ilə müşavirənin keçirilməsi faktını da o kontekstdən qiymətləndiririk”, - deyə deputat əlavə edib.