Ekspert: Paytaxtın mərkəzdən kənarlara doğru genişləndirilməsi və inkişaf etdirilməsi həyata keçirilməlidir
Bakı, 22 sentyabr, AZƏRTAC
Paytaxtın mərkəzdən kənarlara doğru genişləndirilməsi və inkişaf etdirilməsi həyata keçirilməlidir.
Bu fikirləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, proses kompleks şəhərsalma formasında təşkil edilməlidir.
“Bu məsələ hazırda çox vacib və aktualdır. Bakı şəhərinin 2020–2040-cı illər üzrə Baş planında da şəhərdən kənar ərazilərdə şəhərsalmanın inkişaf etdirilməsi istiqamətində müəyyən konseptual yanaşmalar nəzərdə tutulub. Amma bu məsələlər icra olunarkən, həmin ərazilərdə binalar, tikililər və digər obyektlər inşa edilərkən, bu proses sadəcə “mən o ərazidə bina tikirəm” formasında həyata keçirilməməlidir. Yəni ümumi tikinti layihəsi deyil, böyük kompleks şəhərsalma layihəsi kimi icra olunmalıdır. Həmin ərazidə məktəblər, uşaq bağçaları, poliklinikalar, xəstəxanalar və s. digər sosial infrastrukturlar salınmalıdır, poçt və digər xidmətlər təmin edilməlidir.
Əgər bu addım birtərəfli qaydada, sadəcə bina tikintisi formasında həyata keçiriləcəksə, onun effekti olmayacaq. Biz elə etməliyik ki, orada mənzil alan, oraya köçən sakinlər uşaqlarını məktəbə aparmaq üçün, xəstəxanaya müraciət etmək üçün şəhərin mərkəzinə üz tutmasınlar, bank xidmətlərindən istifadə etmək üçün ərazidən kilometrlərlə uzaqlaşmasınlar. Bunun həyata keçirilməsi üçün isə qeyd etdiyimiz formada proqramın icrası təmin edilməli və bu ərazilər vətəndaşlara, alıcılara, istehlakçılara kompleks yaşayış məkanı kimi təqdim olunmalıdır”, – deyə ekspert əlavə edib.