İlqar Fəhmi: Nizami yaradıcılığının təbliği, gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır
Bakı, 22 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi yalnız Azərbaycanın deyil, bütün müsəlman Şərqinin və dünya təfəkkürünün formalaşmasında mühüm rol oynayan böyük şəxsiyyətlərdəndir. Əbəs yerə deyil ki, onun əsərləri Azərbaycan və Şərq ədəbiyyatından dünya dillərinə ən çox tərcümə olunan nümunələr sırasında yer alır. Nizaminin əsərləri orta əsrlərdə əlyazma şəklində ən çox köçürülən, sonrakı dövrlərdə isə dünya dillərinə ən çox tərcümə edilən əsərlər sırasında olub. Bu da onun yaradıcılığında böyük dəyərlərin, fəlsəfənin və hikmətin olduğunu göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi deyib.
O diqqətə çatdırıb ki, Nizami yaradıcılığı ilə tanış olduqda insanı heyrətləndirən məqamlardan biri də onun təfəkkürünün zaman və məkan fövqündə dayanmasıdır. “Şairin əsərlərində irəli sürülən fikirlər bu gün də aktuallığını qoruyur və insanı öz üzərində düşünməyə, davranışlarına, fikir və düşüncələrinə yenidən nəzər salmağa vadar edir. İnsan Nizami yaradıcılığına dərindən nüfuz etdikcə sanki yenidən doğulur, dünyaya başqa gözlə baxmağa başlayır. Bu baxımdan Nizami yaradıcılığının müasir dövrdə də bütün dünyada təbliği, təşviqi və yayılması, xüsusilə gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlərin daha da intensivləşdirilməsinə ehtiyac var”, - deyə o bildirib.
Müxbir – Fidan Əlizadə