Qafqaz Albaniyasının tədqiqində yeni mərhələ başlanır
Bakı, 22 sentyabr, AZƏRTAC
Qafqaz Albaniyasının öyrənilməsi ilə bağlı yeni mərhələyə keçidlə əlaqədar təkliflərin hazırlanması və müzakirəyə təqdim edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qafqaz Albaniyasına həsr olunan konfransda çıxışı zamanı söyləyib. AMEA prezidenti bildirib ki, layihənin əsas xüsusiyyətlərindən biri müxtəlif elm sahələrinin mövqelərinin bir araya gətirilməsidir. Burada arxeologiya və tarixlə yanaşı, incəsənət və ədəbiyyat istiqamətləri üzrə də yanaşmalar nəzərə alınacaq.
O qeyd edib ki, keçirilən konfrans Qafqaz Albaniyasının tədqiqində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Növbəti mərhələdə müxtəlif istiqamətlər üzrə konkret təkliflər hazırlanmalı və vahid elmi yanaşma formalaşdırılmalıdır. Hər bir istiqamət üzrə hazırlanan təkliflər oktyabrın 10-dək təqdim edilməli, daha sonra həmin təkliflər əsasında ümumi fəaliyyət xətti müəyyənləşdirilməlidir.
İ.Həbibbəyli vurğulayıb ki, hazırlanacaq təkliflər çərçivəsində Qafqaz Albaniyasının tədqiqi ilə bağlı yeni mərhələnin ilk işinin həyata keçirilməsi nəzərdə tutulur.