Brüssel Avropa İqtisadi Zonasına daxil olan ölkələrdən Aİ qanunlarının tətbiqini sürətləndirməyi tələb edir
Brüssel, 22 sentyabr, AZƏRTAC
Avropa Komissiyası İslandiya, Norveç və Lixtenşteyndən Avropa İqtisadi Zonasına (AİZ) daxil olan ölkələrin hüquq sistemlərinə Avropa İttifaqının qanunvericiliyinin daxil edilməsini sürətləndirməyi tələb edib. Komissiya xəbərdarlıq edib ki, yaranmış geriləmə təkcə texniki deyil, həm də hüquqi və siyasi problemdir.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının AİZ ölkələri ilə münasibətlər üzrə nümayəndəsi Nikola fon Linqen sazişdə “qaçılmaz geriləmə” anlayışının nəzərdə tutulmadığını və onun iştirakçılarının müəyyən edilmiş qaydalara riayət etməli olduğunu bildirib.
AİZ Avropa İttifaqına daxil olmayan üç ölkəyə vahid bazarın böyük hissəsinə çıxış imkanı verir. Bunun müqabilində həmin ölkələr Aİ qanunvericiliyinin əhəmiyyətli hissəsini öz qanunvericiliklərinə uyğunlaşdırmalı və müvafiq normaları milli hüquq sistemlərinə daxil etməlidirlər.
Brüsseldə keçirilən seminarda təqdim olunan məlumatlara görə, AİZ çərçivəsinə daxil edilməsi gözlənilən Aİ qanunvericilik aktlarının sayı 2014-cü ildəki 506-dan bu il 671-ə yüksəlib. Bu, bütün dövr ərzində qeydə alınan ən yüksək göstəricidir. Avropa Komissiyası hesab edir ki, belə böyük həcm daxili bazarın fəaliyyətinə risklər yaradır.
İslandiya, Norveç, Lixtenşteyn və İsveçrəni birləşdirən Avropa Azad Ticarət Assosiasiyasının nümayəndələri gecikmələri, ilk növbədə, Aİ qanunvericiliyinin həcminin və mürəkkəbliyinin artması ilə izah edirlər. 2025-ci ildə Avropa Azad Ticarət Assosiasiyası 10 il əvvəlki ildə təxminən 300-400 qanunvericilik aktı ilə müqayisədə 807 yeni qanunvericilik aktı qeydə alıb.
Məqalədə qeyd olunur ki, bəzi normaların tətbiqi əhəmiyyətli gecikmələrlə həyata keçirilib. Məsələn, Aİ-nin 2008-ci ildə qəbul etdiyi poçt xidmətləri haqqında direktiv Norveç qanunvericiliyinə yalnız 2016-cı ildə lazımi qaydada daxil edilib. Aİ tərəfindən 2002-ci ildə qəbul edilmiş, modifikasiya olunmuş qida məhsulları ilə bağlı “Cheerios” adlandırılan reqlament isə İslandiya qanunvericiliyinə yalnız ötən il daxil edilib.
Brüsselin bu mesajı İslandiyada səs verənlərin əksəriyyətinin ölkənin Aİ-yə tamhüquqlu üzvlüyü ilə bağlı danışıqların bərpa olunmasının əleyhinə çıxmasından qısa müddət sonra səslənib. İslandiyanın Baş naziri Kristrun Frostadottir səsvermədən sonra bildirib ki, səsvermənin nəticələri ölkədə Aİ ilə mövcud münasibətlərin davam etdirilməsinə və ölkənin vahid bazarda indiki şərtlərlə iştirakını qorumasına dəstəyin olduğunu göstərir.