Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdulkader Hüseyn Ömər ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial media səhifəsində məlumat paylaşıb.
Görüşdə Azərbaycan-Cibuti münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər yüksəksəviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, mövcud imkanlardan səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilib.
Nazirlər, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etməyə hazırlığı və qarşıdakı İƏT sədrliyi ilə bağlı məsələlər də müzakirə olunub.
Həmçinin Yaxın Şərqdə cərəyan edən təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, gərginliyin azaldılmasının və yaranmış vəziyyətin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.