Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman “Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələblərindən azadetmə haqqında Saziş”i imzalayıblar.
AZƏRTAC xəbər verir ki, sənəd rəsmi təmasların inkişaf etdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın əhatə dairəsinin genişləndirilməsinə dəyərli töhfə olacaq.
İmzalanma mərasimindən sonra nazirlər Azərbaycan–Banqladeş münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Müzakirələr zamanı siyasi dialoqun gücləndirilməsi, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də təhsil və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.