Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb
Şəki, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki və Qax rayonlarında ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 21 və 22-də Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının nümayəndələri, şəhid valideynləri, qazilər, kənd ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Rizvan Əhmədovun və Aşağı Layısqı kənd sakini, əsgər Bəxtiyar İdrisovun məzarlarını ziyarət edib, əziz xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxunub, onların vətənpərvərliyindən və şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.
XXX
Qax şəhər Şəhidlər xiyabanında antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalmış Fərid Mirzəyevin də anım günü keçirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri qoyulub. Məktəblilər vətənpərvərlik mövzusunda şəhidlərə həsr olunmuş şeirlər oxuyublar.
Qeyd edək ki, Azərbaycanın Konstitusiya quruluşunun və dövlət suverenliyinin tam bərpası, həmçinin Qarabağda separatizmə son qoyulması ilə nəticələnən bu tarixi hərbi əməliyyatda canından keçən qəhrəman şəhidlərimiz ölkə miqyasında dərin hörmət və sonsuz ehtiramla yad edilir.
Müxbir - Rasim İslamoğlu