Ankarada “Türk dünyası siyasətində birləşdirici amil olan ədəbiyyatın rolu” mövzusunda tədbir keçirilib
Ankara, 10 dekabr, AZƏRTAC
Ankarada TÜRKSOY və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə “Türk dünyası siyasətində birləşdirici amil olan ədəbiyyatın rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə TADİV-in rəhbəri professor Aygün Attar çıxış edərək ədəbiyyatın birləşdirici faktor olaraq Türk dünyası arasında birlik və həmrəylikdə rolunu qeyd edib. O, köklərini türk xalqlarının ortaq tarixindən, mənəvi dünyasından və zəngin folklor ənənələrindən alan ədəbiyyatın həm milli, həm də ümumtürk mədəniyyətinin inkişafında mühüm rol oynadığını söyləyib.
Tədbirdə məruzə ilə çıxış edən Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov hər bir xalqın ruhunu və mədəni kimliyini əks etdirən ədəbiyyatın milli yaddaşın daşıyıcısı olduğunu vurğulayıb. O, Azərbaycan ədəbiyyatının tarixən, dil baxımından və ədəbi ənənəsinə görə ümumtürk mədəniyyətinin əsas mənəvi gücü və Türk dünyası mədəniyyətinin qürur qaynağı olduğunu söyləyib.
Samir Abbasov Azərbaycan klassik irsinin Türk mədəniyyətin zənginləşdirməklə yanaşı, mədəni birliyimizin güclənməsinə, humanizm, ədalət, sevgi və mənəviyyat kimi ali ideyaların formalaşmasına güclü təsir göstərdiyini qeyd edib. O, Azərbaycanda dövlət səviyyəsində ədəbiyyata böyük qayğı olduğunu, görkəmli simalarımızın zəngin irsinin təbliği məqsədilə 2019-cu ildə ölkədə “Nəsimi İli”, 2021-ci ildə isə “Nizami Gəncəvi İli” elan olunduğunu bildirib.
“Kitabi-Dədə Qorqud” kimi bəşəri dəyərə malik dastanlardan başlayaraq Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfzaləddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahilərin möhtəşəm yaradıcılığı ilə zirvəyə yüksələn ədəbiyyatımızın yalnız Azərbaycanda deyil, bütün Türk-Şərq ədəbiyyatının iftixarına çevrildiyini söyləyən Samir Abbasov məruzəsində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr barədə məlumat verib.
O, Mərkəzin elmi layihələri, tərcümələri, nəşrləri, araşdırmaları, konfransları, kitabxanalara Azərbaycana dair nəşrlərin hədiyyə olunması və “Azərbaycan bölümləri”nin yaradılması, ana dilimizin təbliği və tədrisi, ədəbiyyatımızın incəsənət vasitəsilə tanıdılması, ədəbi simalarımızın adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələrə dair təqdimatla çıxış edib.
Tədbirdə digər məruzəçi Giresun Universitetinin professoru Hatem Türk hər bir xalqın dünyada mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə tanındığını vurğulayaraq, müasir dövrdə Türk dünyasının və türk xalqlarının ortaq ədəbiyyatının aramızda təkcə mədəni və elmi körpü deyil, həm də bu zəngin dəyərləri dünyaya tanıtmaq istiqamətində önəmindən danışıb.
O, ədəbiyyatımızın aramızdakı mədəni dialoqu gücləndirdiyini və yeni nəsillərin milli kimliklərini daha dərindən anlamalarına kömək etdiyini söyləyərək, son illərdə Türk dünyasının ortaq dəyərlərinin təbliği istiqamətində elmi fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən son illər Azərbaycana dair Türkiyə türkcəsinə tərcümə olunan nəşrlər Giresun Universitetinin Kitabxanasına hədiyyə olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara