ANNA QURBANOVA GÜMÜŞ VƏ BÜRÜNC MEDALLARA LAYİQ GÖRÜLMÜŞDÜR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, o, finalda gürzlərlə çıxışına görə ikinci yeri tutmuşdur. Üçüncü yerə isə finalda topla kompozisiya ifa etdikdən sonra layiq görülmüşdür.
Çoxnövçülük yarışlarında A.Qurbanova şəxsi hesabda dördüncü olmuşdur. Mükafata layiq yerləri isə Rusiya gimnastları Yevgeniya Kanayeva, Yana Seledçik və Olqa Stryuçkova tutmuşlar.
A.Qurbanova demişdir: “Şadam ki, dalbadal iki yarışı uğurla başa çatdırıram. Mən yenə də güclü rəqiblərlə mübarizədə iki dəfə fəxri kürsüyə qalxdım. Ümidvaram ki, bu uğurlu ənənəni gələn il də davam etdirəcəyəm”.
Azərbaycan komandasının qrup hərəkətləri üzrə məşqçiləri növbəti mövsümün əhəmiyyətini yaxşı başa düşürlər. 2007-ci il yanvarın 1-dən gimnastlar 5 lentlə hərəkətlərin əvəzinə 5 iplə hərəkətləri yerinə yetirəcəklər. Bununla əlaqədar, tanınmış Rusiya mütəxəssisi İrina Zenovka Bakıya gəlmiş və yeni qrup hərəkətlərini məşq etdirmişdir.
İ.Zenovka demişdir: “Biz əvvəlcə, iplə hərəkətləri məşq etdik, sonra isə üç halqa və dörd gürzlə hərəkətləri tamamilə yeniləşdirdik. Komandanın bütün üzvləri – Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Anastasiya Prasolova və Alina Tryopina, habelə ehtiyat idmançılar Sabina Alxasova və Samirə Əliyeva lentlə hərəkətlərdən heç də az mürəkkəb olmayan yeni hərəkətləri asanlıqla mənimsədilər.
Halqa-gürzə gəldikdə isə, mən bu hərəkətlərə müəyyən çətinliklər əlavə etdim. Zənnimcə, onlar ifaya daha çox zəriflik və artistizm gətirəcəkdir. Hər iki hərəkət üçün milli musiqi seçilmişdir.
Azərbaycanın yaxşı və təcrübəli qrup komandası var. O, bərabərsəviyyəli gimnastları və güclü qələbə əzmi ilə seçilir. 2007-ci ildə komanda üçün ən mühüm yarış Yunanıstanda keçiriləcək lisenziyalı dünya çempionatı yarışı olacaqdır. Ümidvaram ki, komanda çoxnövçülükdə ilk onluğa daxil olacaq və Çində keçiriləcək 2008-ci il Olimpiya oyunlarına vəsiqə qazanacaqdır”.