ANTALYADA İƏT ÜZVÜ OLAN ÖLKƏLƏRİN NƏQLİYYAT NAZİRLƏRİNİN 7-Cİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 17-də Türkiyənin Antalya şəhərindəki “Şeraton” hotelində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nəqliyyat və kommunikasiya nazirlərinin 7-ci iclası keçirilmişdir.
İclasda Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
İran, Azərbaycan, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan gəlmiş nümayəndə heyətləri iclasın yekununa dair Antalya Bəyannaməsini imzalamışlar. Sənəddə dəmir yolu və hava nəqliyyatı sahələrində regional əməkdaşlıq, İƏT-in Loqistik Provayder Assosiasiyaları Federasiyasının yaradılması, telekommunikasiyalar və poçt xidmətləri üzrə əməkdaşlıqla bağlı məsələlər yer almışdır.
Nümayəndə heyətləri, habelə, İƏT üzvü olan ölkələrin nazirləri 2006-cı ildə qüvvəyə minmiş Tranzit Nəqliyyatı Çərçivə Anlaşmasını (TTFA), təşkilatın 1998-2007-ci illər üçün Nəqliyyat və Kommunikasiya üzrə Fəaliyyət Proqramının yekunlarını, əməkdaşlığın perspektivlərini də müzakirə etmişlər.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov ölkəmizin yeni nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirakını, dünya əhəmiyyətli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsində liderlik etdiyini vurğulamışdır. Bildirmişdir ki, sözügedən layihənin həyata keçirilməsi hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olmuşdur.
Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən bəhs etmiş, bu layihənin regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayacağını söyləmişdir.
İƏT-in baş katibi Xurşid Ənvər qeyd etmişdir ki, Xəzər regionu, Türkiyə, Orta Asiya və Çini birləşdirəcək nəqliyyat dəhlizi bu ölkələrin iqtisadi tərəqqisinin mühüm amili olacaqdır. Baş katib demişdir ki, İƏT üzvü olan ölkələr qlobal iqtisadiyyat şəraitində nəqliyyat sahəsinə diqqəti artırmalı, daha sıx əməkdaşlıq etməlidirlər.
######
