APRELDƏ ARAN RAYONLARINDA TEMPERATUR 30 DƏRƏCƏYƏ QALXACAQ
Yağıntıların səviyyəsi normaya yaxın, dağətəyi, dağlıq və bəzi aran rayonlarında normadan artıq olacaqdır. Aprelin birinci ongünlüyündə havalar yağışlı keçəcək, bəzi bölgələrdə intensiv xarakter daşıyacaqdır. İkinci ongünlükdə yağıntı olmayacaq, üçüncü ongünlüyün axırlarında isə leysan yağacağı, şimşək çaxacağı, qərb bölgələrində isə dolu düşəcəyi gözlənilir.
Havanın temperaturu getdikcə artacaq, aran rayonlarında 25-30, dağətəyi bölgələrdə 20-25, dağlıq bölgələrdə isə 18-23 dərəcəyə çatacaqdır.
Ayrı-ayrı günlərdə soyuq hava kütləsinin axını gözlənilir. Sinoptiklər qərb və şimal-qərb küləyinin güclənərək, sürətinin saniyədə 18-23 metrə, bəzən 25-28 metrə çatacağını bildirirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu +13-14 dərəcəyə çatacaq (gecə 8-10 dərəcə, gündüz 16-18 dərəcə isti olacaq, ayın ikinci yarısında +23-28 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın olacaqdır (23-33 mm).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu +14-16 dərəcəyə çatacaq (gecə 6-9 dərəcə isti, gündüz 19-21 dərəcə isti olacaq, ayın sonunda 25-30 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın olacaqdır (34-59 mm).
Bəzi günlər güclü şərq və qərb küləklərinin əsəcəyi gözlənilir.
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu +6-8 dərəcə (gecə 3-5 dərəcə şaxta, gündüz 11-16 dərəcə isti olacaq, bəzi günlər 18-23 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (54-83 mm) olacaqdır.
Üçüncü ongünlükdə leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +14-16 dərəcə (gecə 7-9 dərəcə, üçüncü ongünlükdə 10-15, gündüz 17-19 dərəcə isti, bəzi günlər 23-28 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (31-40 mm) olacaqdır.
Ayın sonunda leysan yağacağı, tez-tez şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 11-14 dərəcə isti (gecə 6-9 dərəcə isti, üçüncü ongünlükdə 10-12 dərəcə, gündüz 16-18 dərəcə isti olacağı, ayın axırında 20-25 dərəcəyə çatacağı), yağıntının səviyyəsinin normaya yaxın (48-103 mm) olacağı gözlənilir.
Birinci və üçüncü ongünlüklərdə yağışlar gözlənilir. Leysan yağacağı, şimşək çaxacağı, bəzi günlər güclü qərb küləyinin əsəcəyi gözlənilir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +14-16 dərəcə (gecə +9-11 dərəcə, gündüz +19-21 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (30-34 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +14-16 dərəcə (gecə +8-9, gündüz +16-21 dərəcə olacaq, üçüncü ongünlükdə +20-25 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (41-63 mm) olacaqdır.