APRELDƏ BAKIDA AVROPA GİMNASTİKA İTTİFAQI TEXNİKİ KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏK
Hazırda bir neçə ölkə, o cümlədən Ukrayna və Fransa Bakıda keçiriləcək Avropa çempionatında iştirak etmək üçün ərizə vermişlər. Təbii ki, Avro-2007 yaxınlaşdıqca, bu siyahı güclü gimnastika komandalarının hesabına genişlənəcəkdir.
Hər bir yığma 3 fərdi, bir ehtiyat gimnastdan və yeniyetmələrdən ibarət qrup komandasından ibarət ola bilər. Azərbaycanı komandanın liderləri Aliyə Qarayeva, Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı ilə yanaşı, yeniyetmələrdən ibarət qrup komandası da təmsil edəcəkdir.
İlkin cədvələ görə, yarışların ilk iki günündə komanda hesabında Avropa çempionu məlum olacaqdır. Sonuncu gün isə 10 gürzlə ən yaxşı qrup komandasının adı açıqlanacaq və ayrı-ayrı hərəkətlərdə (ip, halqa, gürz, lent) şəxsi birinciliklərin qalibləri müəyyənləşəcəkdir. Avropa çempionatı qitənin ən yaxşı gimnastlarının qala-şousu ilə başa çatacaqdır.
Avropa çempionatını işıqlandıracaq ilk əcnəbi jurnalistlər də məlumdur: Bunlar İspaniyanın iki nümayəndəsi, gimnastika internet nəşrlərinin foto və videoreportyorları və Almaniya özəl agentliyinin fotoqrafıdır.
XXIII Avropa çempionatının keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksində hazırda yenidənqurma işləri aparılır. Kompleksin direktoru Rafiq Behbudov demişdir ki, binanın həm daxilində, həm də xaricində üzçəkmə işləri görülür. Tezliklə yarışların keçiriləcəyi salonda yeni oturacaqlar qoyulacaqdır. Təmir cədvələ uyğun davam edir və mayın axırı-iyunun əvvəlinədək başa çatacaqdır.