REGİONLAR
Aqrar Universitetdə Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı respublika elmi-praktiki konfransı keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərinin müzakirə olunması, bu istiqamətdə səmərəli təkliflərin hazırlanması məqsədilə martın 15-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki konfransı başlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov müasir dövrdə aqrar sığortanın tətbiqinin önəmindən, bu sahədə mövcud problemlərin və perspektivlərin müzakirəsinin əhəmiyyətindən, universitetdə bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışıb.
Konfransda iştirak edən Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü, TRASİM şirkətinin baş direktoru Yusuf Cemil Satoğlu Türkiyənin kənd təsərrüfatı və aqrar sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatla çıxış ediblər.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatı informasiya sisteminin (EKTİS) koordinatoru Şahmar Bayramlı, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov aqrar sığortada elektron kənd təsərrüfatının əhəmiyyəti, aqrar sığortada yeni çağırışlar barədə məruzələr ediblər.
Qeyd edək ki, konfrans çərçivəsində aqrar iqtisadiyyatda müasir yeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, Azərbaycanda bitkiçiliyin və heyvandarlığın inkişaf istiqamətləri, aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası, “Elektron kənd təsərrüfatı” informasiya sistemində yeniliklər adlı istiqamətləri əhatə edəcək bölmələrdə 60-dan çox məruzə dinləniləcək.