AQTA: Goranboyda şadlıq sarayında texniki normativ-hüquqi aktların tələbləri pozulub
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Goranboy rayonunun Düzqışlaq kəndində fəaliyyət göstərən və Azər Nəriman oğlu Verdiyevə məxsus olan “Eşqin” şadlıq sarayında yoxlama keçiriblər.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İctimai iaşə obyektində havalandırma sisteminin quraşdırılmadığı, manqalxana, soyuq qəlyanaltıların hazırlanması və yuma sahəsində döşəmə, divar səthlərinin asan yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı və korroziyaya uğradığı aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.