AQTİ-də növbəti səriştəlilik sınağı ilə bağlı müraciətlər qəbul olunur
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.
May ayında keçirilməsi planlaşdırılan ağır metal analizində (arsen, cadmium, qurğuşun, civə) iştirak etmək üçün mayın 20-də son müraciət tarixi müəyyən olunub. Müraciətlər qəbul edildikdən sonra iştirakçılara elektron poçt vasitəsilə individual laboratoriya nömrəsi və digər məlumatlar göndəriləcək. Sınaqlar yekunlaşdıqdan sonra nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.
Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində AQTİ-nin rəsmi saytında (afsi.gov.az) yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq. Laboratoriyalar səriştəlilik sınaqları haqqında daha ətraflı məlumatı institutun rəsmi saytından əldə edə bilərlər.