AQTİ mütəxəssisləri elmi əməkdaşlığa dəvət edir
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi ilə bağlı olan sahələr üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini birgə əməkdaşlığa dəvət edir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fəaliyyət göstərdiyi 5 il ərzində AQTİ bir sıra beynəlxalq təşkilatlarla (WHO, WOAH, FAO, Codex Alimentarius və s.) əməkdaşlıq çərçivəsində qlobal məsələlərlə bağlı beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edib, prioritet elmi-tədqiqat xarakterli layihələrin yerinə yetirilməsinin təşəbbüskarı olub. İnstitutda yaradılmış Elmi Araşdırmalar Mərkəzi (EAM) və Analitik Ekspertiza Mərkəzinin (AEM) həmin layihələrin həyata keçirilməsində böyük rolu var. AEM-nin nəzdində fəaliyyət göstərən bütün laboratoriyalar Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən akkreditasiya olunmaqla yanaşı, dəfələrlə laboratoriya müayinə nəticələrinin beynəlxalq tələblər səviyyəsinə uyğunluğunu təsdiq edən səriştəlilik sınaqlarında uğur qazanıb. Həmçinin üç laboratoriya nüfuzlu beynəlxalq akkreditasiya qurumları tərəfindən akkreditasiya olunub. Milli Referens Laboratoriyası Almaniyanın DakkS, Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyənin TÜRKAK və Abşeron Regional Sınaq Laboratoriyası Latviyanın LATAK akkreditasiya qurumu tərəfindən akkreditasiyadan keçib.
İnstitutun maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir. Bu baxımdan hesab olunur ki, laboratoriya müayinə nəticələri əsasında toplanmış zəngin məlumat bazası nəinki EAM əməkdaşları tərəfindən elmi araşdırmaların həyata keçirilməsində, həmçinin bakalavriat, magistratura və doktorantura təhsili alan müvafiq sahə mütəxəssislərinin elmi-tədqiqat işlərində kifayət qədər faydalı elmi məlumat mənbəyi ola bilər. Həmin istiqamətlər üzrə AQTİ ilə əməkdaşlıq etmək istəyən mütəxəssislər (+99412) 565 12 72 (daxili 575) nömrəli telefona zəng edə və ya [email protected] elektron poçtuna məktub göndərə bilərlər.