ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ELMİ SESSİYA
Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda 2000-2001-ci illərdə aparılmış arxeoloji-etnoqrafik çöl tədqiqatlarının və nəzəri tədqiqatların yekunlarına həsr olunmuş ikigünlük elmi sessiya öz işinə başlamışdır.
Sessiyanı giriş sözü ilə institutun direktoru, MEA-nın müxbir üzvü Arif Abbasov açdı.
MEA-nın prezidenti Mahmud Kərimov sessiyada çıxış edərək, respublikamızda aparılan arxeoloji-etnoqrafik tədqiqatların uğurlu nəticələrindən danışdı, Azərbaycan Prezidenti Heydər Əliyevin elmin inkişafına, o cümlədən xalqımızın qədim və zəngin tarixinin öyrənilməsinə daim böyük qayğı və diqqət göstərdiyini xüsusi vurğuladı.
Akademiyanın prezidenti institutun beynəlxalq əlaqələrindən və bunun genişləndirilməsinin əhəmiyyətindən də söhbət açdı, sessiya iştirakçılarına uğurlar arzuladı.
Sonra akademik Teymur Bünyadovun “Azərbaycanda etnoqrafik tədqiqatlar və prespektivlər”, tarix elmləri namizədi Qoşqar Qoşqarlının “Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu arxeoloji abidələrin tədqiqi”, tarix elmləri namizədi Nəcəf Müseyiblinin “2000-2002-ci illərdə Naxçıvanda arxeoloji tədqiqatlar” mövzusunda məruzələri dinlənildi.
Natiqlər Azərbaycanın ayrı-ayrı bölgələrində, xüsusilə Naxçıvan MR-də, Şamaxı, Gəncə, Quba, Xaçmaz, Qax, Qəbələ rayonlarında aparılan arxeoloji - etnoqrafik tədqiqatlardan danışdılar və bu işin daha da genişləndirilməsinin vacibliyini vurğuladılar.
Sonra sessiya bölmə iclaslarında öz işini davam etdirdi.