CƏMİYYƏT
ASAN könüllüləri “Bilik Karvanı” layihəsini reallaşdırırlar
Bakı, 5 sentyabr, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” layihəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Bilik Gününə həsr olunan sosial təşəbbüs həssas qrupdan olan uşaqlara sevinc bəxş etmək, yeni tədris ilinə onları daha da həvəsləndirmək məqsədilə gerçəkləşir.
Layihənin açılış mərasimində 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən 6-14 yaş kateqoriyasındakı 100 uşağa hədiyyələr təqdim edilib.
Həmçinin iştirakçılar üçün “SİMART” Sağlam İnkişaf Platforması tərəfindən film saatı, “Start IT” şirkəti tərəfindən M-bot futbol, “Bilim Bakı” mərkəzi tərəfindən təbiət mövzusunda laboratoriya və müxtəlif ustad dərsləri təşkil olunub.
“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 600-dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10 mindən çox uşağın arzusu reallaşdırılıb.
Layihə “Azərikard” MMC və “Qala Sığorta” ASC-nin sponsorluğu, Bakı Konqres Mərkəzi, “İnnovasiyalar Mərkəzi”, “SİMART” Sağlam İnkişaf Platforması, “Start IT”, “Bilim Bakı” mərkəzinin dəstəyilə həyata keçirilib. ASAN TV və ASAN Radio layihənin media tərəfdaşlarıdır.