Asiman Ziyəddinov: Təhsildə daha böyük uğurlar əldə etmək üçün daim öz üzərində çalışmalısan
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan məktəbliləri “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi layiqincə təmsil ediblər. Məktəblilərimiz olimpiadada 1 qızıl, 3 gümüş medal qazanıblar. Gümüş medala layiq görülənlərdən biri də Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Asiman Ziyəddinovdur. O, təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
“Bu il onlayn keçirilən “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş medal qazanmağım heç də təsadüfi deyil. Keçən il İranın olimpiada komandası ilə laboratoriya hazırlığım, bu il isə Türkiyənin olimpiada komandası ilə təxminən 20 gün müddətində onlayn praktiki və nəzəri hazırlığım uğurumun başlıca səbəbidir. Gələn il Portuqaliyada keçirilməsi planlaşdırılan Beynəlxalq Biologiya Olimpiadasında daha yaxşı nəticə əldə etmək üçün ciddi hazırlaşıram. Çünki təhsildə daha böyük uğurlar əldə etmək üçün daim öz üzərində çalışmaq lazımdır. Gələcəkdə isə təhsilimi xarici universitetlərdə molekulyar biologiya və genetika sahəsi üzrə davam etdirməyi düşünürəm”, - deyə Asiman Ziyəddinov vurğulayıb.
Qeyd edək ki, Asiman Ziyəddinov 2004-cü ildə Şəki rayonunun İnçə-Zunud kəndində anadan olub. 2010-cu ildə İnçə-Zunud kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunub. Yeddinci sinifdə oxuyarkən respublika fənn müsabiqələrinin qalibi olub. Bununla da Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyə qəbul olunub. Bu məktəbə qəbul olduğu ildən bəri Beynəlxalq Biologiya Olimpiadasının hazırlıq komandasında iştirak edir. Bunun nəticəsi olaraq respublika fənn olimpiadalarında 9-cu sinifdə gümüş, 10-cu sinifdə isə qızıl medal qazanıb. Eyni zamanda, 2019-cu ilin iyulunda Macarıstanda keçirilən Beynəlxalq Biologiya Olimpiadasında iştirak edib və həmin ilin dekabr ayında Qətərdə keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında gümüş medala layiq görülüb.