AŞPA-da azad media məkanında gəncliyin mənfi təsirlərdən qorunması yollarından danışılıb
Strasburq, 28 aprel, AZƏRTAC
Gənclik və media bir-biri ilə əlaqəlidir və media elə gənclik deməkdir. Mətbuatın tarixi də onu cavan, enerjili insanların yaratdığını, ən çətin vaxtlarda inkişaf etdirdiyini göstərir. Lakin müasir, artıq rəqəmsallaşmış, şəbəkələşmiş, internet mediası gəncliklə daha çox bağlıdır. Yəni, həm istifadəçi, həm də yaradıcı olaraq müasir media məkanında gənclik qeyd-şərtsiz üstünlük təşkil etməkdədir. Söz yox ki, sosial şəbəkələri ən təxmini statistika nəzəri ilə araşdırsaq, yaşı 40-50-dən çox olanların gəncliklə müqayisədə cüzi nisbət təşkil etdiyi müəyyənləşəcək. Əsas söz sahibinin gənclik olduğu mediada, xüsusilə yazılı mətbuatı əhatəsi və yayılma sürəti ilə çoxdan arxada qoymuş elektron mediada məzmuna nəzarət hansı səviyyədədir?
Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yaz sessiyasında keçirilən “Gənclik və media” mövzusundakı debatlarda deyib.
Bildirilib ki, söhbət siyasi nəzarət və ya sanksiyalardan deyil, ədəbi-mənəvi, elmi, mədəni redaktorluqdan gedir. Bu gün redaktorluq yox səviyyəsindədir. Məhz ona görə də elektron media məkanında yüksək intellektual səviyyəli, son dərəcə faydalı, elmi-bədii baxımdan da yüksək olan materiallara rast gəlmir, əksinə, savadsızlığı əks etdirən, bəsit, qüsurlu, yetərincə hazırlığı olmayan kütlənin zövqünü daha da aşağı salan, primitivliyi norma kimi təqdim edən yazılarla daha çox rastlaşırıq.
Deputat qeyd edib ki, lakin mediada daha təhlükəli təmayül də mövcuddur: məqsədli şəkildə pozucu, saxta, səhv və zərərli istiqamətlərə yönəldən məlumatların yayılması. Əlbəttə, bundan daha qorxulu məhz şüuruna təsir etmək daha asan olan uşaqlara, yeniyetmələrə, gəncliyə yönələn, təcavüzü, qəddarlığı cinayətkarlığı, müxtəlif asılılıqları təlqin və təbliğ edən materiallardır. Belə mediadan gəncliyi necə qorumalı? İndiki halda media məkanı açıq qapıdır. Bu məkana nəzər salanda bütün mənzərə heç bir maneəsiz göz qabağında olur. Belə olan halda media məkanında gəncliyi zahirən üzləşə biləcəyi zərərlərdən qorumaq mümkünsüzdür.
R.Hüseynov bu cür vəziyyətdən çıxış yolunun anonimlikdən çıxmaq olduğunu deyib. Diqqətə çatdırılıb ki, internet məkanında qeydiyyatdan keçmənin və həqiqəti yoxlamanın mexanizmləri işlənib hazırlanmalıdır. Vurğulanıb ki, yalnız bu halda media müstəvisində gəncliyə və bütün cəmiyyətə müraciət edən şəxs məlum olduqda onun hüquqi məsuliyyət yarada biləcək hansısa təqdimatlar edə bilməsi imkanları ən azı maksimal dərəcədə məhdudlaşacaq. Müasir media gənclik üçün ən başlıca və əvəzsiz özünüifadə meydanıdır. Ancaq bu azad məkanda gəncliyi arzuolunmaz təsirlərdən qorumaq həmişə diqqətdə saxlanmalı vəzifə və borcdur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq