AŞPA-da “siyasi məhbuslarla” bağlı hesabatın qəbul edilməməsi Azərbaycanın haqlı mübarizəsinin məntiqi nəticəsidir
Bakı, 24 yanvar (AZƏRTAC). “Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda “siyasi məhbuslarla” bağlı hesabatın qəbul edilməməsi ədalətin təntənəsidir. Bu hadisə, həmçinin Azərbaycanın haqlı mübarizəsinin məntiqi nəticəsidir”.
Bu fikirləri AZƏRTAC-a Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı söyləmişdir.
M.Qurbanlı demişdir ki, Kristofer Ştrasser anti-Azərbaycan qüvvələrinin əlində alətdir və həmin qərəzli hesabatın hazırlanmasında məqsəd ölkəmizin imicinə zərbə vurmaq olmuşdur. Bəzi qüvvələr “siyasi məhbus” məsələsindən Azərbaycana qarşı təzyiq göstərməyə çalışıblar. Amma Azərbaycan dövlətinin, cəmiyyətimizin sağlam qüvvələrinin prinsipial mövqeyi nəticəsində bu tipli təsir və təzyiqlər dəf edilmişdir. Ölkəmiz hər bir sahədə nailiyyətlər əldə etməkdədir və bütün bunlar bizim müstəqilliyimizi möhkəmləndirən amillərdir. Azərbaycan beynəlxalq müstəvidə də ciddi nailiyyətlər əldə etməkdədir. Demək olar ki, ildən-ilə ölkəmizin xarici dövlətlərlə əlaqələrinin əhatə dairəsi daha da genişlənir və bu amil də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artmasında vacib rol oynayır. Təbii ki, bu fakt işğalçı Ermənistanı və onu himayə edən beynəlxalq gücləri, erməni lobbisini narahat etməyə bilməz. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyektivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır. “Siyasi məhbus” məsələsi də bunun tərkib hissəsidir. Amma Azərbaycan dövləti bu cür cəhdlərə qarşı lazımi cavablar verir, AŞPA-dakı nümayəndə heyətimiz ölkəmizin mövqeyini kifayət qədər güclü müdafiə edir.