SİYASƏT
AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb
Paris, 18 sentyabr, AZƏRTAC,
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası oktyabrın 9-dan 13-dək Strasburqda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Avropa Şurasının 46 üzv ölkəsinin parlamentarilərini bir ayara gətirən Assambleyada “Pegasus” casus proqramları və digər oxşar proqram təminatı, gizli dövlət nəzarəti, eləcə də Rusiyanın indiki prezidentinin seçilmə sayının (mandatının) məhdudlaşdırılmasının hüquqiliyi və qanuniliyini araşdıran hesabatlar müzakirə olunacaq.
Parlamentarilər, həmçinin Fransanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərə riayət etməsinə dair dövri hesabata da münasibət bildirəcəklər.
Assambleyanın payız sessiyası çərçivəsində Rumıniyanın xarici işlər naziri Luminita Odobesku plenar iclasda çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Eyni zamanda, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə sual-cavab sessiyası keçirəcək. Avropa Şurasının icraedici orqanı olan Nazirlər Komitəsinin işi ilə bağlı hesabat və onunla bağlı sual-cavab sessiyası da nəzərdə tutulub.
Təşkilatdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müvafiq məruzəsi əsasında hazırlanmış “İfrat sağçı ideologiya: Avropada demokratiya və insan haqları üçün çağırış” adlı məruzə, eləcə də seçki kampaniyasında miqrasiya və sığınacaq, miqrantların hüquqları üçün nəticələr kimi mövzular da payız sessiyasının gündəliyində yer alıb.
Avropalı parlamentarilər COVID-19 ilə mübarizənin yetkinlik yaşına çatmayanların və gənclərin psixi sağlamlığına təsiri, uşaqlarda asılılıq yaradan davranışların qarşısının alınması ilə bağlı birgə müzakirələr də aparacaqlar.
Nəhayət əlil qadınlara qarşı zorakılıqla mübarizə yolları, Əfqanıstan və əfqan qaçqınları ilə bağlı humanitar böhran, münaqişələrin qarşısının alınmasında beynəlxalq institutlara etimadının bərpası və dünyada sülhün təşviqində Avropa Şurasının roluna dair debatlar da payız sessiyasının gündəliyinə daxil edilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Paris