Aşqabadda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib
Aşqabad, 9 may, АZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Aşqabadda yaşayan soydaşlarımız və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısındakı xidmətləri, qarşılaşdığı çətinliklər, siyasi uzaqgörənliyi, şəxsi xarakteri haqqında geniş məlumat verib.
Müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin xidmətlərindən bəhs edən səfir, Ulu Öndərin həyatının ayrı-ayrı dövrlərinin tədqiq edilməsinin, bu barədə əsərlərin yazılmasının və filmlərin çəkilməsinin vacibliyini vurğulayıb. Həsən Zeynalov bu əsərlərin gənc nəslin Azərbaycanın ən yeni tarixində hansı hadisələrin baş verdiyini, həmin dövrlərdə ölkəmizin hansı təhlükələrlə üzləşdiyini bilməsi, Heydər Əliyevin zəkası və fədakarlığı sayəsində bu təhlükələrdən necə xilas olduğunu anlaması, eləcə də onun həyat yolunu, amalını özünə nümunə götürə bilməsi baxımından olduqca vacib hesab edib.
Heydər Əliyevin fenomenal şəxsiyyət olduğunu bildirən diplomat, onun hər zaman yaradıcı, ölkəsi üçün faydalı olan insanlara, gənclərə, diaspora nümayəndələrinə xüsusi diqqət və qayğı göstərdiyini söyləyib.
Heydər Əliyevlə bağlı xatirələrini bölüşən səfir, Ulu Öndərlə həm Naxçıvan Ali Məclisinin sədri işlədiyi dövrdə, həm də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonrakı illərdə olan təmaslarının həyatının unudulmaz anları olduğunu diqqətə çatdırıb.
Daha sonra digər tədbir iştirakçıları Heydər Əliyevin xalqımızın, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyində oynadığı əvəzsiz roldan danışıblar. Hələ keçmiş sovet hakimiyyəti illərində azərbaycanlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərilməsinin, onların ən yaxşı yerlərə təyinat alıb işləmələrinin Heydər Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin məhsulu olduğu diqqətə çatdırılıb. Azərbaycanlıların keçmiş sovetlər məkanında məhz Heydər Əliyevin düşünülmüş addımlarının nəticəsində yüksək vəzifələr, əhəmiyyətli postlar tutduğu vurğulanıb. Heydər Əliyevin qardaş Türkmənistana və türkmən xalqına da hər zaman diqqət və sevgi göstərdiyi, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması üçün xidmətlərindən bəhs olunub.
Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədli filmə baxıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad