ASTANADA ATƏT-İN PARLAMENT ASSAMBLEYASININ 17-Cİ YAY SESSİYASI KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astanada ATƏT-in Parlament Assambleyasının (PA) 17-ci yay sessiyası keçirilir.
Sessiyada Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyət iştirak edir.
ATƏT PA-nın sədri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Qoran Lenmarker çıxışında təhlükəsizlik məsələlərinə toxunmuş, MDB məkanındakı münaqişələrin sülh yolu ilə həlli məsələlərindən danışmışdır. O demişdir ki, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazilərdə münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylər davam etdirilməlidir. Bu münaqişələrin həlli ATƏT-in məsuliyyəti dairəsindədir. Parlament Assambleyasının sədri son 4 ildə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması cəhdlərini dəstəklədiyini və sülh sazişinin əldə olunmasında “qızıl imkan”ı gördüyünü bildirmişdir. Q.Lenmarker bu imkandan yetərincə istifadə olunmadığından təəssüfləndiyini vurğulamışdır. Onun dediyinə görə, bu gün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaxşı təkliflər verilmişdir. Bu ölkələrdə siyasi iradə göstərilsə, sülh sazişi imzalana bilər. Əsas odur ki, keçmişə nəzər salmadan irəli baxılsın. Regionda yeni müharibənin qarşısı istənilən vasitələrlə alınmalıdır.
Sessiyada çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkə iqtisadiyyatının indiki vəziyyəti, qoyulan sərmayə və neft layihələrindən danışmışdır. Qazaxıstanın dövlət başçısı demişdir ki, Xəzər sülh və sabitlik dənizi olmalı, onun enerji ehtiyatlarından xalqlarımızın gələcəyi naminə istifadə edilməlidir.
Qazaxıstan Senatının sədri Qasımcomərd Tokayev, Məclisin sədri Aslan Musin, həmçinin ATƏT-in baş katibi Mark Perren de Brişambo, ATƏT-in Ali Komissarı Knut Vollebek və başqaları çıxış etmiş, regionda sülhün və təhlükəsizliyin qorunması sahəsindəki təşəbbüslərdən danışmışlar.
ATƏT-in sessiyası öz işini davam etdirir.