Astarada “Mən ilk dəfə səs verirəm” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 4-də Astara Pedaqoji Kollecində Azərbaycan Respublikasında keçiriləcək Milli Məclisə seçkilərə həsr olunmuş ilk dəfə səs verəcək gənclər üçün “Mən ilk dəfə səs verirəm” mövzusunda seminar keçirilib.
Astara rayon Gənclər və İdman İdarəsi, 77 saylı Astara Seçki Dairəsi və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilən seminarın məqsədi gənclərin seçkilərdə fəallığının təmin edilməsi, ilk dəfə səs verəcək gənclərin seçki qaydaları ilə bağlı maarifləndirilməsi və gənclər arasında seçki qaydalarının təbliği olub.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Kollecin direktoru Ağababa İbrahimov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, 77 saylı Astara Dairə Seçki Komissiyasının katibi Nəsimi Rzayev “Konstitusiyada seçki hüququnun əsasları”, “Seçki məcəlləsində əsas terminlər”, ”Seçki hüququ nə deməkdir və o necə gerçəkləşdirilir”, “Seçki sistemi”, “Seçki hüququnun əsas prinsipləri”, “Seçki prosesi və onun mərhələləri” mövzularında gənclərə ətraflı məlumat veriblər.
İki yüz nəfərdən çox gəncin iştirak etdiyi tədbirdə iştirakçılara Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
Səsvermə qaydaları barədə danışıldıqdan sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda seçki prosesinə həsr edilmiş videoçarx nümayiş olunub.