CƏMİYYƏT
Astarada normativ tələblərin pozulduğu dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 4 noyabr, AZƏRTAC
Astara şəhərinin İstiqlaliyyət küçəsində Məmmədov Gülsabah Mirzəli qızına məxsus “Paşa” dönərxanasında və H.Əliyev prospektində Bağırov Elçin İlham oğluna məxsus “Cənub” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iaşə obyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Həmçinin məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin mövcud olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin normativ texniki tələblərə cavab vermədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.