Astarada qəzalı vəziyyətə düşən körpünün yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti bərpa olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində hərəkət bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Astara rayonunda yağan güclü yağış nəticəsində yaranan sel sularının qəzalı vəziyyətə saldığı körpünün yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Məlumata əsasən, 8 metr uzunluğa malik körpü Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində yerləşir. Təbii fəlakət nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranmışdı. Əraziyə dərhal agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Qısa müddət ərzində qəzalı vəziyyətə düşmüş körpüdə müvəqqəti piyada yolu açılıb.
Qeyd olunub ki, Astara rayonunda sel sularının problemlər yaratdığı digər yollarda da hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər davam etdirilir.