REGİONLAR
Astarada sel sularının uçurduğu körpünün yerində yenisi inşa olunur VİDEO
Astara, 20 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunda bir müddət əvvəl sel suları nəticəsində uçmuş körpünün yerində yenisinin inşasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uçmuş körpünün yerində nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün alternativ yol çəkilib və ona paralel ərazidə isə yeni körpünün bünövrəsinin qurulması istiqamətində işlər davam etdirilir.
“Hazırda yeni körpünün svayları vurulur. Artıq çayın bir tərəfində texnikalar vasitəsilə svay vurma işləri yekunlaşıb. Layihəyə əsasən 25 metr uzunluğunda, 10 metr enində olacaq yeni körpünün yükgötürmə qabiliyyəti də artırılacaq. Bu körpünün üstünlüyü ondadır ki, yüksək tonnajlı maşınların gediş-gəlişi rahat olacaq. Əvvəlkindən daha geniş və müasir tipli körpü inşa ediləcək”, - deyə Siyakü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini Hökməli Əliyev bildirib.
Sürücülər ərazidə yeni körpünün inşasının yüklərin hər iki istiqamətə daşınmasını xeyli asanlaşdıracağını deyir.
“Bu körpü neçə ildir qəzalı vəziyyətdə idi. Hər an uçmaq təhlükəsi ilə üz-üzə qalmışdı, gedib-gələndə çətinlik çəkirdik. Sağ olsunlar, müvəqqəti olaraq alternativ körpü tikdilər, hazırda buradan istifadə edirik” , - deyə sürücü Tahir Babayev bildirir.
Qeyd edək ki, Astaranın Vaqo kəndindən keçən Vaqo-Siyakü avtomobil yolu üzərində yerləşən mövcud körpüdən 15 min əhalinin yaşadığı 40-a yaxın yaşayış məntəqəsi istifadə edirdi. Körpü bir müddət əvvəl sel suları nəticəsində uçaraq yararsız vəziyyətə düşmüşdür.