Astarada sitrus bağlarında naringi yığımı davam edir - FOTOLAR
Astara, 1 noyabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunun sitrus bağlarında naringi yığımı davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda məhsul yığımı rayonun Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrində aparılır.
Son günlər havaların isti keçməsi bağlarda yığım prosesini sürətləndirib. Fermerlər bildirir ki, ən qısa zamanda məhsulu tədarük edib, paytaxt bazarlarında satışa çıxaracaqlar.
Hazırda bağlarda yerli sort naringi yığılır. Ötən il bir kiloqramı 2 manata satılan naringi bu il 1 manat - 1 manat 20 qəpiyə satılır.
Bu günə kimi hər bir fərdi həyətdən təqribən 7 tona yaxın məhsul yığılıb.
Qeyd edək ki, Astara rayonunda 2463 hektar naringi bağı var. Onlardan 1541 hektarı məhsuldardır. Bu sahələrdən keçən il təsərrüfat sahibləri ümumilikdə 44.476 tondan artıq məhsul yığıblar.