“Asvat” nəşri: Azərbaycanda “Beynəlxalq Münasibətlər Akademiyası” layihəsi 11 ildir uğurla həyata keçirilir
Rabat, 22 aprel, AZƏRTAC
Mərakeşin “Asvat” qəzetinin “magazineaswat.com” elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Gənclər üçün İslam Əməkdaşlıq Forumu” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə aprelin 11-də “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə start verildiyi xatırladılıb. Bildirilib ki, bu layihə artıq 11 ildir Azərbaycanda uğurla reallaşdırılır.
H.Məmmədov diqqətə çatdırıb ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahələrində yeni bilik və təcrübə qazanmalarına yardım etməkdir. İki ay ərzində keçirilən mühazirələrdən sonra tələbələr “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarında iştirak edirlər. Münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışında Azərbaycanı təmsil etmək hüququ qazanırlar.
Bildirilib ki, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və digər ali məktəbləri təmsil edən və iştirak üçün müraciət etmiş yüzlərlə tələbə arasından seçilmiş 100-ə yaxın gəncin iki ay ərzində hər həftə keçiriləcək mühazirələrdə və sonda təşkil olunacaq “İƏT Modeli XİN konfransı” simulyasiyasında iştirakı nəzərdə tutulub. Bu, həmin gənclərin həm tələbə həyatını səmərəli yaşamaları, həm də müvafiq bilik və təcrübəyə yiyələnmələri baxımından olduqca əhəmiyyətlidir.
Məqalədə qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) Avrasiya üzrə Regional Mərkəzinin (ARM) təşəbbüsü ilə ingilis dilində “Avrasiya xalqlarının İslam mədəniyyətinə verdiyi töhfələr” kitabı çapdan çıxıb. Bu kitabın təqdimatında İƏGF ARM-in Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanovun xidmətləri böyükdür.
Nəşrdə məlumat verilib ki, Akademiyanın builki buraxılışının Bakı Dövlət Universitetində keçirilən açılış mərasimində BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov universitet ilə İƏGF ARM arasında bu proqram çərçivəsində əməkdaşlığa yüksək qiymət verib. İslam Əməkdaşlıq Gənclər Forumunun baş qərargahının nümayəndəsi Yunus Çolak İstanbuldan onlayn formatda Beynəlxalq İƏT Modeli haqda iştirakçıları məlumatlandırıb. Layihə çərçivəsində mühüm şəxslərin iştirakı və təşkilatçılığı da diqqət çəkir.
Həşim Məmmədov xüsusilə qeyd edib ki, Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim “Müsəlman dünyası və Fələstin məsələsi”, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə “Müasir diplomatiya və Azərbaycan diplomatiyasının Qarabağ müharibəsində rolu” mövzusunda çıxışlar ediblər.
Həmçinin bildirilib ki, ötən illərdə azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və İƏT-ə üzv olan 40-dan artıq ölkənin nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışlarında ölkəmizi uğurla təmsil ediblər. Bu il İƏGF ARM həmin tədbiri, həmçinin Pakistan, Tatarıstan, Mərkəzi Asiya respublikalarında və İndoneziyada keçirməyi planlaşdırır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat