ATƏT-İN BAKI OFİSİ MƏTBUAT NÜMAYƏNDƏLƏRİ ÜÇÜN HAZIRLANMIŞ XÜSUSİ GÖDƏKÇƏLƏRİN TƏQDİMATINI KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də ATƏT-in Bakı ofisində Azərbaycan mətbuat nümayəndələri üçün hazırlanmış xüsusi gödəkçələrin təqdimatı keçirilmişdir.
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin maliyyə dəstəyi ilə parlaq açıq yaşıl rəngdə olan 200 xüsusi gödəkçə hazırlanmışdır. Gələn həftə Azərbaycan Mətbuat Şurası bu gödəkçələri 70-dən artıq kütləvi informasiya vasitəsinin nümayəndələrinə paylayacaqdır.
Təqdimat mərasimində çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri səfir Xose Luis Herrero Ansola qeyd etmişdir ki, bu addım Azərbaycan ilə ATƏT-in əməkdaşlığının bariz nümunəsidir. O demişdir ki, ictimai tədbirlər zamanı, xüsusən seçki dövründə jurnalistlərə təhlükəsiz şəraitin yaradılması çox vacibdir. Bu gödəkçələr KİV nümayəndələrinin təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.
Mərasimdə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov bildirmişdir ki, ATƏT ilə Azərbaycanın polis orqanları arasında sıx əməkdaşlıq çoxdan mövcuddur. ATƏT əlaqələrin, polislə KİV arasındakı işgüzar münasibətlərin yaranmasına yardım edir. Polisin jurnalistlərə qarşı güc tətbiq etməsi barədə iddialara münasibət bildirən O.Zalov bəyan etmişdir ki, bu cür hadisələrin hər biri üzrə nazirin şəxsi nəzarəti altında xüsusi yoxlamalar aparılır və kobud hərəkətlərə yol verən polis əməkdaşlarına qarşı inzibati tədbirlər görülür.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, jurnalistlər kütləvi ictimai tədbirlər və aksiyaların iştirakçılarından fərqlənmək üçün bu gödəkçələrdən istifadə etməlidirlər. Ə.Amaşov, həmçinin ATƏT-in ölkədə media mənsublarının peşəkarlığının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirdiyini vurğulamışdır.