ATƏT-İN NƏQLİYYATA DAİR 14-CÜ İQTİSADİ FORUMU BAKIDA İŞƏ BAŞLAMIŞDIR
Baş nazirin müavini Abid Şərifov Azərbaycan hökuməti adından qonaqları səmimiyyətlə salamlayaraq, konfransın işinə uğurlar arzulamışdır. Azərbaycanda nəqliyyat bölməsinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verən A.Şərifov demişdir ki, Azərbaycanın tranzıt imkanları genişdir. Dövlətimiz beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirlməsinə ciddi maraq göstərir.
Konfransın açılışından sonra A.Şərifov, ATƏT-in iqtisadiyyat və ekologiya məsələləri üzrə əlaqələndiricisi Bernard Snoy və tədbirin digər təşkilatçıları mətbuat konfransı keçirmişlər.
Belə bir konfransın Bakıda keçirilməsinin mühüm hadisə olduğunu diqqətə çatdıran baş nazirin müavini Azərbaycanın nəqliyyat bölməsinin inkişafına xüsusu diqqət yetirdiyini vurğulamışdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər nəqliyyatda daşınmaların həcmi sürətlə artmış, gəlirlər çoxalmışdır. Yeni tankerlərin alınması, müasir hava limanlarının istifadəyə verilməsi, avtomagistralların müasir tələblərə uyğun qurulması ölkəmizdə nəqliyyatın inkişaf göstəricilərindəndir. Bundan əlavə, Azərbaycanın tranzit imkanlarının genişliyi nəqliyyatın sürətlə inkişafına təsir edən amillərdəndir. TRASEKA-nın daimi katibliyinin Bakıda yerləşməsi Azərbaycan tərəfinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və nəqliyyatın təhlükəsizliyinə böyük maraq göstərdiyini və lazım olan zəruri işləri gördüyünü bir daha təsdiq edir.
Konfransın əhəmiyyəti barədə jurnalistlərə məlumat verən Bernard Snoy Bakıda olmasından məmnunluq duyduğunu ifadə edərək, belə mötəbər beynəlxalq tədbirin paytaxtımızda keçirilməsinə razılıq verdiyinə görə, Azərbaycan hökumətinə minnətdarlığını çatdırmış və konfransın yekununda görülmüş işlər barədə açıqlama veriləcəyini bildirmişdir.
ATƏT-in Bakı ofisinin rəhbəri Mauritsio Pavezi və başqaları mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırmışlar.
Konfrans martın 17-də işini davam etdirəcəkdir.