Aurelia Qriqoriu: “Ermənistan işğal olunmuş əraziləri azad etməlidir”
Bakı, 2 noyabr (AZƏRTAC). Moldovanın ombudsmanı Aurelia Qriqoriu AZƏRTAC-a verdiyi müsahibəsində demişdir: “İlk növbədə mən III Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunduğuma görə Azərbaycan hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Prezidentinizin hər şeyi aydın və gözəl əks etdirən məruzəsini ölkəniz üçün dərin iftixar və məmnunluq hissi ilə dinlədim. O, dövlətinizin lideri kimi dünya qarşısında duran məsələlərin və problemlərin həlli yollarını görür. Çox mükəmməl və dərin çıxış idi. Bu, təkcə mənim fikrim deyil, forumun bütün iştirakçılarının yekdil rəyidir”.
AZƏRTAC-ın xəbər verdiyi kimi, ombudsman həmçinin bildirmişdir ki, “dünyada mövcud olan indiki vəziyyət və zaman BMT-nin və onun Təhlükəsizlik Şurasının qəbul etdikləri bütün qətnamələrin real surətdə həyata keçirilməsi, yəni təkcə kağız üzərində qalmaması üçün bu təşkilatlarda bilavasitə islahat keçirilməsini tələb edir. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyindən istifadə etmək lazımdır. Zənnimcə, bu strukturda islahata, dəyişikliklərə ehtiyac vardır. Elə dəyişikliklər ki, təcavüzkar ölkələri insan hüquqlarını pozmamağa dinc yolla məcbur etsin, pozulmuş hüquqları bərpa etmək məqsədi ilə onların işğal olunmuş əraziləri azad etməsinə imkan versin.
Ombudsman demişdir: “Biz Qarabağ münaqişəsinin həlli istiqamətində çalışmalı və Xocalı faciəsinin tanınması üçün əlimizdən gələni əsirgəməməliyik. BMT-nin Təhlükəsizlik Şurasında və digər beynəlxalq təşkilatlarda görülmüş tədbirlərə baxmayaraq, hələlik real nəticə yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyü barədə beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və status-kvonu qoruyub saxlamağa cəhd göstərir”.
A.Qriqoriu həmçinin bildirmişdir ki, Ermənistan parlamentindəki çıxışlarından sonra təzyiqə məruz qaldığına baxmayaraq, o öz fikrindən dönməmişdir, Azərbaycanın Moldovadakı səfirliyi isə bu çətin günlərdə ona dəstək olmuşdur. Ombudsman demişdir: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən kobud şəkildə boyun qaçırır. Məhz buna görə də mən Azərbaycanı BMT-nin strukturunda əsaslı dəyişikliklər etmək təşəbbüsü göstərməyə çağırıram”.