AVROPA BİRLİYİ İLƏ TÜRKİYƏ ARASINDA MÜNASİBƏTLƏRDƏ YENİ BÖHRAN YARANMIŞDIR
Türkiyənin AB-yə qəbulu barədə Avropa Komissiyasının müsbət qərar verəcəyinin perspektivi indiki böhranadək Avropa Birliyinin rəhbər qurumlarında şübhə doğurmurdu. Lakin Türkiyənin Cinayət Məcəlləsinin yeni layihəsinə zinakarlığa görə cinayət cəzasına dair müddəanın daxil edilməsi AB-nin tərkibində vəziyyəti dəyişdirmişdir. Avropa Birliyinin genişlənməsinə məsul olan Avropa Komissiyasının komissarı Günter Ferxoygen demişdir ki, həmin müddəa təsdiqlənərsə, Ankara “özünü Avropa Birliyindən kənarda qoyacaqdır”.
Türkiyə hökuməti bildirmişdir ki, yeni Cinayət Məcəlləsinin parlamentdə müzakirəsini başqa vaxta keçirir. AB-də bundan ehtiyat edirlər ki, Ankara bu təşkilata daxil olmaq şərtlərinin razılaşdırılması prosesinə başlamaq üçün əvvəlcə razılıq almaq, sonra isə məcəllənin yeni mətnini təsdiqləmək istəyir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qarşılıqlı güzəştə nail olmaq məqsədi ilə Brüsselə gedəcəkdir.