Avropa İttifaqının Azərbaycandakı ofisində İspaniyanın nümayəndəliyi açılacaqdır
Bakı, 19 noyabr (AZƏRTAC). Avropa İttifaqının (Aİ) Azərbaycandakı ofisində İspaniyanın nümayəndəliyinin açılması haqqında qərar qəbul edilmişdir.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilmişdir ki, İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonzalo de Benito və Avropanın xarici fəaliyyət xidmətinin baş katibi Pierre Vimont bununla bağlı noyabrın 18-də Anlaşma Memorandumu imzalamışlar.
Oxşar sənəd ilk dəfə 2012-ci ilin dekabrında Aİ-nin Yeməndəki ofisi üçün imzalanmış və müsbət təcrübəyə çevrilmişdir. Azərbaycandan sonra isə Birma və Özbəkistan üçün belə sənədlərin imzalanması nəzərdə tutulmuşdur.
Əsas məqsəd Aİ ofislərinin infrastrukturundan istifadə edib nümayəndəlik xərclərinin azaldılması və resursların optimallaşdırılmasıdır. İspaniya Xarici İşlər Nazirliyinə görə, bu addım həm də Bakıda İspaniyanın diplomatik nümayəndəliyinin açılmasına imkan yaradacaq və bu, gələcəkdə Azərbaycan ilə İspaniya arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəkdir.