Avropa İttifaqının vətəndaşı olmayanların Brüsseldə iş tapması çox qəliz məsələdir
Brüssel, 27 iyul, AZƏRTAC
View.brussels sosioloji agentliyi tərəfindən aparılmış yeni sosioloji araşdırmanın nəticələri göstərir ki, işsiz adamların statistikasında Avropa İttifaqına daxil olmayan ölkələrin Brüsseldə yaşayan vətəndaşları çoxluq təşkil edir.
AZƏRTAC xəbər verir ki, Məqrib və ya Afrika ölkələrindən gələnlər arasında işsizlik səviyyəsi Belçika pasportu olan Brüssel sakinləri arasında işsizliklə müqayisədə 3-4 dəfə yüksəkdir.
Araşdırma göstərir ki, hətta ali təhsil də kömək etmir. İş yeri almağa namizədlərin başlanğıc imkanları eyni olduqda Avropa mənşəli olmayanların iş tapması avropalı namizədlə müqayisədə qat-qat çətindir. Hərçənd Brüsseldə işləyən əcnəbilər çoxdur. Burada işləyən əhalinin sayı 75 faizə yaxındır. Müqayisə üçün bildirək ki, Antverpen, Lyej və Şarleruada bu göstərici 50 faizə, Gentdə 33 faizə bərabərdir.
Avropa mənşəli olmayan qadınlar ən zəif qrupa aiddir. Xurafat və hicab bu qadınların işə düzəlməsinə çox vaxt ciddi mane olur.
Brüsseldəki “Actiris” məşğulluq xidmətinin direktoru Qreqor Şapel tədqiqatın KİV-də dərc olunmuş nəticələrini şərh edərək deyib: “Struktur xarakterli ayrı-seçkilik probleminin mövcud olması indi elmi şəkildə sübut edilib”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel