DÜNYA
AVROPADA ÖLÜM HALLARININ 86 FAİZİ QEYRİ-YOLUXUCU XƏSTƏLİKLƏRİN PAYINA DÜŞÜR
Avropada böyük insan tələfatına səbəb olan xəstəliklər sırasına onkologiya, ürək-damar, diabet, respirator xəstəlikləri və psixi pozulmalar daxildir.
AZƏRTAC-ın aldığı məlumata görə, bu cür vəziyyət, əslində, Avropa regionunun bir hissəsi olan Azərbaycanda da müşahidə edilir. Sessiyada qəbul olunmuş qətnamədə 2006-cı ilin sonunadək qeyri-yoluxucu xəstəliklərlə mübarizəyə dair Avropa strategiyasının hazırlanması nəzərdə tutulur.
Qətnamədə deyilir ki, bu çətin məsələnin həlli üçün beynəlxalq təşkilatların və iqtisadiyyatın bir çox sektorlarının səylərini, habelə ərzaq məhsullarının istehsalı və paylaşdırılması sahəsində səyləri birləşdirmək lazımdır. Bu işlər artıq tibbi-sanitar maarifi proqramları və regionda həyat tərzinin dəyişdirilməsinə yönəldilmiş tədbirlər çərçivəsində göstərilən fəaliyyət əsasında həyata keçiriləcəkdir.
DST-nin Avropa regional komitəsinin direktoru doktor Mark Danzon bildirmişdir ki, risk amillərindən biri olan piylənmə ilə mübarizə də birinci dərəcəli vəzifələr sırasında aparılacaqdır.
Sessiyada immun çatışmazlığı virusu və QİÇS ilə mübarizənin qlobal strategiyasına da xüsusi diqqət yetirilmişdir.
Sessiyanın yekunlarına əsasən səkkiz qətnamə qəbul edilmiş və doktor Mark Danzon ikinci müddətə DST-nin Avropa regional komitəsinin direktoru seçilmişdir. O, növbəti beşillik dövründə öz vəzifələrinin icrasına 2005-ci il fevralın 1-dən, yəni DST İcraiyyə Komitəsi onun təyinatını təsdiqlədikdən sonra başlayacaqdır.
Avropa regional komitəsinin işində 51 üzv dövlətin, habelə müşahidəçi qismində dəvət olunmuş ölkələrin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak etmişdir. Komitənin növbəti sessiyası 2005-ci il sentyabrın 12-15-də Buxarestdə keçiriləcəkdir.