AVSTRİYADA İNSAN HÜQUQLARİ İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLƏCƏKDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, aprelin 1-də bu ölkənin İnsbruk şəhərində Avropa Ombudsmanlar İnstitutunun (AOİ) növbədənkənar ümumi iclası keçiriləcəkdir. Yığıncaq iştirakçıları insan hüquqları sahəsində tanınmış mütəxəssis, isveçrəli professor V.Hallerin ombudsman təsisatlarının strukturu barədə məruzəsini dinləyəcəklər.
E.Süleymanovanın beynəlxalq tədbirdə məruzəsi gözlənilir. O, bu günlərdə ölkə parlamentində “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” üçüncü illik məruzə ilə çıxış etmişdir.
Müvəkkil illik məruzəsini, təcavüzkar Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi terror aktları və soyqırımları ilə bağlı bəyanatlarını, Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ həqiqətləri” kitab toplusunu Avropa Ombudsmanlar İnstitutunun idarə heyətinə təqdim edəcəkdir.
E.Süleymanova səfər çərçivəsində Avstriyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşəcək, azərbaycanlıların soyqırımı günü və Kəlbəcərin işğalı günü ilə əlaqədar respublikamızın bu ölkədəki səfirliyində onun təşəbbüsü ilə keçiriləcək anma mərasimində iştirak edəcəkdir.
Tədbirə diasporumuzun nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan tələbələr, aspirantlar, Vyanadakı beynəlxalq təşkilatlarda çalışan azərbaycanlılar qatılacaqlar.
Ombudsman erməni millətçilərinin törətdikləri bu qanlı faciələrin səbəblərindən, insanlığa qarşı yönəlmiş həmin zorakılıq aktlarının ağır nəticələridən söz açacaqdır.
Xalqımıza qarşı soyqırımı siyasətinin tərkib hissəsini təşkil edən insan hüquq və azadlıqlarının kütləvi surətdə pozulması ilə bağlı E.Süleymanovanın nüfuzlu beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatı iştirakçılara paylanacaqdır. Müvəkkil Azərbaycan həqiqətlərindən bəhs edən nəşrləri soydaşlarımıza təqdim edəcəkdir.