Avstriyada kafe və restoranların fəaliyyəti bərpa olunub
Vyana, 15 may, AZƏRTAC
Avstriyada koronavirus pandemiyası ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan kafe və restoranlar yenidən müştəri qəbul edir.
AZƏRTAC xəbər verir ki, ölkədə bütün qastronomiya obyektləri mayın 15-dən etibarən yenidən fəaliyyətə başlayıb. Lakin bu fəaliyyət bir sıra məhdudiyyət və qaydalarla müşayiət olunur. Belə ki, qastronomiya obyektləri səhər saat 6-dan axşam saat 11-dək işləyə bilər və müştəri masaları arasında məsafə ən azı bir metr olmalıdır. Hər masa ətrafında isə ən çox 4 nəfərin əyləşməsinə icazə veriləcək. İnfeksiya riskini mümkün qədər aşağı salmaq üçün işçi heyət maskalardan istifadə etməlidir.
Qastronomiya obyektlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar hələlik iyulun 1-dək qüvvədə olacaq. Bu sahənin canlanmasını təmin etmək üçün hökumət vergi yüngülləşdirmələri, eləcə də içkilərə tətbiq olunan verginin 20 faizdən 10 faizə endirilməsi barədə qərar qəbul edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana