Aydın Cəfərov: Belarusda seçki prosesi daim təkmilləşir
Minsk, 11 oktyabr, AZƏRTAC
Belarusda seçki prosesi daim təkmilləşir.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, MDB Parlamentlərarası Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndəsi, Belarusda prezident seçkilərində beynəlxalq müşahidəçi Aydın Cəfərov bu fikri oktyabrın 11-də jurnalistlərlə görüşdə söyləyib.
“Mən deyə bilərəm ki, Belarusda seçki prosesi ildən-ilə təkmilləşdirilir. Seçki prosesi nəzərəçarpacaq dərəcədə inkişaf edir və insanlar seçkilərə lazımınca diqqət yetirməyə başlayıblar. Ən vacibi, hər şey sakit şəraitdə keçir. Bu, məni çox sevindirir", - deyən A.Cəfərov qeyd edib ki, siyasi rəqiblər nəzakətli tərzdə polemika aparırlar, aqressiv qarşıdurma və neqativ çılğınlıq yoxdur. Seçkilər günündə seçicilərin öz fikrini söyləməsinə və istədiyi namizədə rahat şəraitdə səs verməsinə imkan yaradılıb.
Azərbaycandan olan müşahidəçi daha sonra deyib: “Baş çəkdiyim bütün seçki məntəqələrinin hamısında, hər yerdə sakitlik hiss etdim. Uşaqlar çıxış edir, musiqi səslənir, şirniyyat satılırdı. Bunu görmək xoşdur ki, belaruslular seçkilərə sanki kiçik bayrama gəldikləri kimi gəlirlər. İnsanlar yalnız səs verməyə yox, həm də istirahət etməyə, bir-biri ilə ünsiyyətdə olmağa gəlirlər”.
Aydın Cəfərov sonda vurğulayıb ki, seçki bütövlükdə əla hazırlanıb, bütün cavabdeh strukturlar tərəfindən böyük təşkilati iş görülüb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk