Azər Allahverənov: Türk dünyasının QHT platforması özünü təsdiqləyib
Bakı, 16 may, AZƏRTAC
Türk Dövlətləri Təşkilatını gücləndirən əsas amillərdən biri ictimai diplomatiya və ictimai dialoqdur.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxış edən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov bildirib.
O qeyd edib ki, türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq əsasında formalaşan əməkdaşlıq platforması Türk dünyasının vahid ailə kimi birləşməsinə mühüm töhfə verir.
“Bu əməkdaşlıq müstəvisi Türk dünyasını XXI əsrdə Avrasiyanın nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirməkdədir. Qeyri-hökumət təşkilatları da bu prosesdə mühüm rol oynayır və formalaşan platforma üzərindən əməkdaşlığın inkişafına töhfə verirlər. Artıq Türk dünyasını birləşdirən QHT-lərin həmrəylik platforması özünü təsdiq edib və bütövlükdə Türk dünyası tərəfindən yüksək qiymətləndirilən mühüm təşəbbüsə çevrilib. Forumda iştirak edən qeyri-hökumət təşkilatları Türk dünyasının inteqrasiyasının gücləndirilməsi istiqamətində gündən-günə daha fəal rol oynayırlar. Məhz bu amal uğrunda fəaliyyət göstərən Türk dövlətlərinin qeyri-hökumət təşkilatları 2025-ci il noyabrın 25-də qədim türk yurdu olan Naxçıvan şəhərində Türk dünyasının QHT Platformasını təsis ediblər. Bu gün artıq həmin platforma çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilir və əməkdaşlıq daha da genişlənir”, – deyə Azər Allahverənov bildirib.