WUF13 nəqliyyat xidmətləri artıq istifadəyə verilib
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-dən etibarən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində iştirakçıların tədbir məkanına rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə WUF13 nəqliyyat sistemi tam şəkildə fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, WUF13 iştirakçıları hava limanı, nəqliyyat mübadilə mərkəzləri, qonaqlama əraziləri və WUF13 tədbir məkanı arasında əlaqəni təmin edən inteqrasiya olunmuş nəqliyyat xidmətlərindən yararlana bilərlər.
Tədbirlə əlaqədar olaraq, WUF13 Hava Limanı avtobus xidməti mayın 12–25-də günün 24 saatı fasiləsiz fəaliyyət göstərəcək. Şəhərdaxili avtobus xidmətləri mayın 15–22-də iştirakçıların istifadəsində olacaq. K1 xüsusi avtobus xətti isə mayın 14–23-də “Koroğlu” nəqliyyat qovşağı ilə WUF13 tədbir məkanı arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək.
WUF13 nəqliyyat sistemi çərçivəsində W1–Şıx, W2–İçərişəhər, W3–Nəriman Nərimanov, W4–İzmir, W5–28 May, W6–Gənclik, W7–Ağ Şəhər və W8–Sea Breeze marşrutları əsas qonaqlama əraziləri ilə nəqliyyat mübadilə mərkəzləri arasında əlaqəni təmin edir.
Bununla yanaşı, W9–Badamdar marşrutu yaxınlıqdakı hotelləri İçərişəhər nəqliyyat mübadilə mərkəzi ilə, W10–Mikayıl Əliyev marşrutu isə qonaqlama məkanlarını birbaşa WUF13 tədbir məkanı ilə əlaqələndirir.
WUF13 çərçivəsində təşkil olunan bütün nəqliyyat xidmətləri akkreditasiyadan və qeydiyyatdan keçmiş iştirakçılar üçün ödənişsizdir.
Qeyd edək ki, yerində qeydiyyat üçün tədbir məkanına gələcək iştirakçılar da bu xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.
WUF13 zamanı təşkil olunan nəqliyyat xidmətləri və marşrutlar barədə daha ətraflı məlumatı WUF13 şəhərdaxili nəqliyyat səhifəsindən əldə etmək mümkündür.