“Şəhərlərdə dayanıqlı həyat tərzinin formalaşmasında ekoloji maarifləndirmənin rolu” - dəyirmi masa
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Şəhərlərdə dayanıqlı həyat tərzinin və ictimai iştirakın formalaşmasında ekoloji maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertlər iştirak ediblər.
Çıxışlarda şəhərlərdə ekoloji düşüncənin formalaşdırılması, dayanıqlı həyat tərzinin təşviqi və ictimai iştirakçılığın artırılmasının ətraf mühitin qorunması baxımından əhəmiyyəti, eləcə də ekoloji təhsil və maarifləndirmə sahəsində effektiv yanaşmalar, gənclərin və yerli icmaların bu prosesdə rolu vurğulanıb.
Ekoloji maarifləndirmənin genişləndirilməsi, gənclərin ekoloji təşəbbüslərdə iştirakının artırılması, inklüziv iştirakçılığın təşviqi və iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun, “Təmiz Şəhər” ASC-nin, “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri təqdimatlarla çıxış ediblər.