Mirnaib Həsənoğlu: “Urban Code” bizim memarlıq və vizual yaddaşımızdır
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Milli Tarix Muzeyində Azərbaycanın memarlığına, şəhərsalmasına və vizual yaddaşına həsr olunmuş “Urban Code” sərgisi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Tarix Muzeyi ilə birgə həyata keçirilib.
Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu bildirib ki, sərgi memarlıq və şəhərsalma ilə bağlı genişmiqyaslı tədbirlər çərçivəsində təşkil olunub.
“Layihəni “Urban Code” adlandırdıq. Burada şəhərin urbanizasiyasından, şəhərsalma və memarlıqdan bəhs edən şəkillər təqdim olunur. Nümayiş etdirilən işlər arasında Qarabağdan, Naxçıvandan və digər bölgələrdən çəkilmiş fotolar da var. Bunlar xalqın mentalitetini, cəmiyyətin bioqrafiyasını və hər bir şəhərin tarixini əks etdirən memarlıq elementləridir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, ekspozisiya keçmişin və müasir dövrün memarlıq obrazlarını bir araya gətirir: “Burada həm qədim memarlıq nümunələri və əvvəlki dövrlərə aid fotolar, həm də bu gün dünyada məşhur müasir tikililər təqdim olunur. Biz memarlıq elementləri vasitəsilə keçmişlə müasirliyin biri-biri ilə necə birləşdiyini və dünyagörüşümüzü necə formalaşdırdığını göstərmək istədik”.
Sərgidə Qarabağlar türbəsinin, “İmamzadə” kompleksinin, Heydər Əliyev Mərkəzinin, “Baku Crystal Hall”un fotolarını, həmçinin Şuşa və Laçın şəhərlərinin, eləcə də Bakının neft bumu dövrünə aid tarixi binalarının görüntülərini görmək mümkündür.
“Ümumilikdə, bu ekspozisiya bizim memarlıq və vizual yaddaşımız və insanlarla bölüşmək, nümayiş etdirmək istədiyimiz dəyərlərdir”, – deyə M.Həsənoğlu bildirib və xatırladıb ki, bu il dünya fotoqrafiyasının 200, Azərbaycan fotoqrafiyasının isə 165 illiyi tamam olur.
“Bu il keçirdiyimiz bütün sərgi və tədbirlər Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunub. Dünya fotoqrafiyası haqqında çox danışılır, lakin Azərbaycan fotoqrafiyası barədə məlumat daha azdır. Bu sahə Azərbaycanda hələ kifayət qədər araşdırılmayıb, onun haqqında çox az yazılıb. Halbuki vaxtilə bu sənətin inkişafında böyük iz qoymuş və mühüm töhfələr vermiş fotoqraflar olub”, – deyə o əlavə edib.
Qeyd edək ki, sərgidə ziyarətçilərə Aydın Mehdiyev, Amira Süleyman, Kamran Əsədov, Vüqar İbadov, Mirnaib Həsənoğlu və Əhməd Hətəmzadənin işləri ilə tanış olmaq imkanı yaradılıb.