SİYASƏT
Azərbaycan Baş nazirinin müavini İsmət Abasov Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko ilə görüşmüşdür
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycan Baş nazirinin müavini İsmət Abasov noyabrın 13-də Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan İsmət Abasov Azərbaycan dövlətinin ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində gördüyü işlərdən söz açmışdır. İ.Abasov demişdir ki, Azərbaycanda aqrar-sənaye kompleksinin səmərələşdirilməsi üçün böyük potensial vardır.
Vladimir Semaşko Belarusda kənd təsərrüfatının vəziyyəti barədə məlumat vermiş, aqrar sahədə əməkdaşlıq üçün daha mühüm olan istiqamətləri qeyd etmişdir.
Görüşdə tərəflər kənd təsərrüfatı texnikasının istehsalı və ixracı sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmiş, birgə perspektivli layihələri gözdən keçirmişlər.